-
23 avq, 23
İtaliyada təhsil almaq üçün 7 addım
İtaliyada təhsil almaq üçün 7 addım
Avropanın qədim tarixi, zəngin mədəniyyəti və dünya reytinqli universitetləri ilə seçilən İtaliya, son illərdə beynəlxalq tələbələr üçün ən cəlbedici təhsil mərkəzlərindən birinə çevrilmişdir. İngilis dilli proqramların genişliyi, Boloniya sistemi sayəsində diplomların beynəlxalq səviyyədə tanınması, müxtəlif təqaüd imkanları və 90-dan çox universitet İtaliyanı xaricdə təhsil üçün ən çox seçilən ölkələrdən birinə çevirir.
İtaliyada universitet seçimi, qəbul, təqaüd və tələbə vizası mərhələlərini əhatə edən proses adətən 9–12 ay davam edir. Çünki İtaliya universitetləri və dövlət qurumları sənədləri müəyyən olunmuş tarixlərdə (deadlines) qəbul edir və hər bir mərhələnin özünün rəsmi cavablandırılma müddəti var.
Universitetlərə müraciətlər əsasən noyabr–iyun ayları arasında qəbul edilir.Bir çox universitet əsas qəbul mərhələsini yanvar–aprel aylarında həyata keçirir. Bəzi universitetlər isə müraciət prosesini iki mərhələyə bölür ki, bu da ilk mərhələdə qəbul ala bilməyən namizədlərə yenidən müraciət etmək imkanı yaradır.
İtaliyada təhsil almağı planlaşdırırsınızsa, müraciət prosesinin hər mərhələsini dəqiqliklə planlaşdırmalısınız. Bu bələdçidə İtaliyada təhsil almaq üçün keçməli olduğunuz bütün mərhələləri addım-addım və xronoloji ardıcıllıqla izah edirik.
1. Addım: İxtisas və Universitet Seçimi (Noyabr – Yanvar)
İtaliyada təhsil prosesinin ilk və ən kritik mərhələsi düzgün proqram seçimidir. İtaliyada demək olar ki, bütün sahələr üzrə (Tibb, Mühəndislik, Memarlıq, Biznes, Kompüter Elmləri, Beynəlxalq Münasibətlər) tamamilə ingilis dilində tədris olunan yüzlərlə bakalavr və magistr proqramı mövcuddur.
- Profil Analizi: Akademik göstəricilərinizi (GPA), dil səviyyənizi və əgər bakalavr üçün müraciət edirsinizsə, tələb olunan daxili imtahanları (TOLC, SAT, IMAT) nəzərə alaraq özünüzə ən uyğun universitetləri siyahılaşdırın.
- Mərhələlərin İzlənməsi: İtaliyada universitetlərin daxili qəbul prosesi adətən bir neçə mərhələdən (raddədən) ibarət olur və Avropa Birliyinə daxil olmayan (Non-EU) tələbələr üçün qəbullar hər ilin noyabr-dekabr aylarında başlayıb, növbəti ilin aprel ayına qədər davam edir. Təqaüd yerləri və viza kvotaları məhdud olduğundan ilk mərhələlərdə müraciət etmək şansınızı ciddi şəkildə artırır.
2. Addım: Akademik Dosyenin və Dil Sertifikatının Hazırlanması (Dekabr – Fevral)
İtaliyada təhsil ingilis və italyan dilində tədris olunur. İngilis dili üçün universitetlərdən asılı olaraq İELTS 5.5-6.5 talebi olunur. Daha yüksək IELTS balı və akademik nəticələr qəbul şansınızı artırır.
Bəzi universitetlər IELTS olmadan da qəbul verir. Bu halda universitetin daxili dil qiymətləndirməsindən keçmək tələb oluna bilər. İtalyan dilində təhsil üçün isə B2 səviyyəsi tələb olunur. Təbii ki, İtalyan dilində tədris proqramları daha çoxdur.
Universitetlərin portallarına yüklənəcək sənədlərin standartlara uyğun formatda toplanması şərtdir. Bütün sənədlər ingilis və ya italyan dilinə tərcümə edilməli, notarial təsdiq və Apostil olunmalıdır.
- Dil Sertifikatı: İngilis dilli proqramlara qəbul üçün minimum IELTS 5.5 - 6.0 və ya TOEFL ekvivalenti əldə edilməlidir.
- Akademik Sənədlər: Bakalavr müraciətləri üçün orta məktəb attestatı (və ya 11-ci sinifdə oxuduğunuza dair rəsmi arayış), magistr müraciətləri üçün isə bakalavr diplomu və transkript (qiymət çıxarışı).
- Şəxsi sənədlər: Avropa standartlarına uyğun Europass CV, güclü arqumentlərlə yazılmış Motivasiya Məktubu (Motivation Letter), 3x4 foto (1 ədəd), xarici pasportun nüsxəsi və universitet professorlarından alınmış minimum iki Tövsiyə Məktubu (Reference Letter).
3. Addım: Universitetlərin Daxili Portallarına Müraciət (Yanvar – Aprel)
Sənədləriniz hazır olduqdan sonra seçdiyiniz universitetlərin onlayn qəbul sistemlərində profil açaraq müraciətinizi tamamlayırsınız.
- Qiymətləndirmə: Bir çox magistr proqramlarının böyük əksəriyyəti imtahansız, yalnız təqdim etdiyiniz sənədlər, CV və motivasiya məktubu əsasında qəbul aparır.
- Qəbul Məktubu: Universitet komissiyası dosyenizi nəzərdən keçirdikdən sonra (bu proses ortalama 4-8 həftə çəkir) müraciətiniz uğurlu olarsa, sizə rəsmi qəbul məktubu (Acceptance Letter) göndərilir.
4. Addım: Rəsmi Dövlət Portalında Qeydiyyat – Universitaly (May – İyul)
Universitetdən müsbət cavab aldıqdan sonra növbəti hüquqi mərhələ İtaliya Təhsil Nazirliyinin rəsmi portalı olan Universitaly üzərindən qeydiyyatdan keçməkdir.
- Pre-enrolment: Bu mərhələ "viza öncəsi qeydiyyat" adlanır. Siz qəbul məktubunuzu və akademik sənədlərinizi bu portala yükləyərək İtaliyanın Azərbaycandakı Səfirliyinə viza müraciəti etmək istədiyinizi bəyan edirsiniz. Universitet portal daxilində sənədlərinizi təsdiqlədikdən sonra sizə viza üçün keçərli olan rəsmi Universitaly Summary sənədi göndərilir.
5. Addım: DSU Regional Təqaüd Müraciətləri (İyun – Avqust)
İtaliyada təqaüd üçün müraciət etməzdən əvvəl seçdiyiniz universitetdən qəbul almağınız tələb olunur. Ən çox müraciət edilən proqramlardan biri Regional Scholarship (DSU və ya regional təqaüdlər) hesab olunur. Bu təqaüd əsasən , ailənin illik ümumi gəlir səviyyəsinə (ISEE paritet sənədinə) əsasən qiymətləndirilir və regiondan asılı olaraq təhsil haqqı güzəşti, yataqxana, yemək kartı və maliyyə dəstəyi təqdim edə bilər. Təqaüd məbləği regiondan və proqramdan asılı olaraq dəyişir.
- Təqaüdün Təminatları: Doğru sənədlərlə müraciət edən tələbələr universitet təhsil haqqından tam azad edilir, pulsuz yataqxana, yemək kartı və illik ortalama 6,500 – 7,000 Avro civarında nəğd təqaüd qazanırlar.
- Tələb olunan sənədlər: Bu mərhələdə ASAN Xidmətdən ailə tərkibi arayışı, ailə üzvlərinin ötən təqvim ilinə aid rəsmi gəlir/maaş arayışları, daşınmaz əmlak reyestr çıxarışları və bank hesabı hesabatları toplanaraq İtaliyadakı rəsmi vergi ofislərinə (CAF) göndərilir. Sənədlərdəki ən kiçik bir uyğunsuzluq təqaüdün birbaşa imtina edilməsinə səbəb ola bilər.
6. Addım: İtaliya Səfirliyinə Viza Müraciəti (İyul – Avqust)
Universitetdən qəbul məktubu aldıqdan, Universitaly qeydiyyatını tamamladıqdan və təqaüd müraciətinizi etdikdən sonra növbəti mərhələ İtaliya tələbə vizası üçün müraciətdir. Bunun üçün tələb olunan sənədlərlə birlikdə viza mərkəzinə və ya səfirliyə müraciət etməlisiniz.
Viza üçün tələb olunan əsas sənədlər:
- Etibarlı xarici pasport
- Doldurulmuş viza ərizə forması və fotoşəkil
- Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və ailə tərkibi arayışı
- Universitetdən qəbul məktubu və Universitaly Pre-enrollment təsdiqi
- Təhsil sənədləri (attestat və ya diplom, transkript) və dil sertifikatı (IELTS/TOEFL)
- Maliyyə təminatını təsdiq edən sənədlər -Özünüzü İtaliyada təmin edə biləcəyinizi göstərən adekvat maliyyə vasitələrinin sübutu (bank hesabı), ailənin maddi durum bəyannaməsi və rəsmi sponsorluq arayışı.
- Tibbi sığorta, uçuş bronu və yaşayış yerini təsdiq edən sənəd
Viza müraciətinin əsas mərhələlərindən biri də müsahibədir. Müsahibə zamanı namizədin təhsil planı və məqsədləri ilə bağlı suallar verilə bilər. Məsələn:
- Niyə İtaliyada təhsil almaq istəyirsiniz?
- Niyə bu universiteti və ixtisası seçmisiniz?
- İtaliyada qohumunuz və ya tanışınız varmı?
Bəzi hallarda namizədə qısa mətn təqdim olunur və həmin mətn əsasında suallar cavablandırılması tələb edilir. Müsahibəyə əvvəlcədən hazırlaşmaq viza almaq şansınızı artırır.
7. Addım: İtaliyaya Səfər və Oturum İcazəsi (Sentyabr)
Vizanız təsdiq olunduqdan sonra İtaliyaya yola düşürsünüz. İtaliyaya çatdıqdan sonra ilk 8 iş günü ərzində siz mütləq yerli poçt şöbələrinə (Poste Italiane) müraciət edərək tələbə oturum icazəsi (Permesso di Soggiorno) üçün sənəd paketi (Kit) göndərməlisiniz. Bu kart sizə İtaliyada qanuni yaşamaq, Şengen zonasına sərbəst səyahət etmək və təhsil müddətində həftədə 20 saat rəsmi olaraq part-time işləmək hüququ qazandıracaq.
İtaliyada təhsil üçün peşəkar dəstək
İtaliyada universitet seçimi, qəbul, təqaüd və tələbə vizası prosesi bir neçə mərhələdən ibarətdir və hər universitetin tələbləri fərqlənə bilər. Sənədlərin düzgün hazırlanması və müraciət tarixlərinə riayət edilməsi uğurlu nəticə əldə etmək baxımından vacibdir.
SKO Student 8 illik təcrübəsi ilə universitet seçimi, sənədlərin hazırlanması, təqaüd müraciətləri və tələbə vizası prosesinin bütün mərhələlərində sizə peşəkar konsultasiya və dəstək göstərir.